Xəbər

İslam İnqilabı Rəhbərinin "İranın şəhid Ağası"nın vida və dəfn mərasimi münasibətilə müraciəti

İslam İnqilabı Rəhbərinin "İranın şəhid Ağası"nın vida və dəfn mərasimi münasibətilə müraciəti

Həzrət Ayətullah Seyid Müctəba Xamenei yayımladığı müraciətdə İran və İraq xalqının "İranın şəhid Ağası"nın dəfn mərasimində on milyonlarla insanla iştirakına səmimi təşəkkür edərək, ümmətin şəhid İmamına xitabən vurğuladılar: "Sənin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar və abırsız qatillərdən alacağımıza dair əhd bağlayırıq. Bu qisas xalqımızın tələbidir və mütləq həyata keçirilməlidir. Əvvəldən axıra qədər siyahıları mövcud olan bu cinayətkarlar rahat və yataqda ölmək arzusunu özləri ilə məzara aparacaqlar." İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

Salam olsun Sənə, ey Allahın qanının intiqamını alan və ey Onun qanının intiqamını alanın oğlu, ey tək və qisası alınmamış şəhid! Salam olsun Sənə, Sənin cəddinə, atana, anana, qardaşına və Sənin məsum övladlarına.

Salam olsun o İmama ki, onun qiyamının həyat bəxş edən nidası Peyğəmbərin (s) risalətinin qüdrətli və gur əks-sədasını tarixin ən uzaq dərinliklərinə qədər yaydı və onun təsirindən İran İslam İnqilabı meydana gəldi. Bu inqilab mahiyyət etibarilə Hüseynçi bir inqilab idi, Hüseynin (ə) şüarı və məramı ilə formalaşıb inkişaf etdi. İranın şəhid Ağası da məhz bu məramla yetişdi. O, Hüseynçi idi, Hüseynçi düşündü, hərəkət etdi, cihad və müqavimət göstərdi, o cür yaşadı və Hüseynin məktəbi uğrunda öz qanını təqdim edərək şəhadətə qovuşdu.

Hüseynçilərin sırasında elələri vardır ki, Hüseynin yolu, məktəbi və məramı uğrunda qanları məzlumcasına yerə töküldükdə İslam ümməti hərəkətə gəlir, həmin zaman Aşuraya, həmin məkan isə Kərbəlaya qovuşur. Bu gün də həmin Hüseynçi ruhiyyə xalqımızı ayağa qaldırmış, böyük İmam Xomeyninin və şəhid Xameneinin məktəbinə yeni bir təcəlli bəxş etmişdir. Budur Hüseynin (ə) məzlumluq fəryadının və onun "Mənə kömək edən bir kəs varmı?" nidasının əks-sədasının əvvəl İranda, sonra isə İraqda və digər ölkələrdə batili sarsıdan və yaratdığı o həyat bəxş edən coşqu. Bu münasibətlə İran və İraqın şəhər və kəndlərində, xüsusilə Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəddə on milyonlarla insanın heyrətamiz, düşməni sarsıdan və tarixi iştirakına səmimi qəlbdən təşəkkür etməyi lazım bilirəm.

Millətimiz Hüseynin (ə) qanının intiqamçısıdır. Bu böyük millət illər boyu öz övladlarını Hüseynin (ə) yolu uğrunda, Onun düşmənləri və Hüseynçi məramın düşmənləri ilə mübarizədə fəda etdi. Bu gün də o Həzrətin və dövrün Hüseynçilərinin qanının intiqamçısıdır.

İndi şəhid rəhbərimizə deyirəm: Ey məzlumcasına qətlə yetirilmiş! Ey başıuca məzlum! Ey Allahın saleh bəndəsi! İndi gözlərimiz yaşlı, qəlblərimiz qırıq halda Sənin pak cənazənlə vidalaşarkən Səninlə əhd bağlayırıq ki, məktəbini yaşadaq, göstərdiyin doğru yolu mətinliklə davam etdirək, bu yolda çətinliklərdən qorxmayaq və Sənin kimi İlahi müjdələrə və vədlərə ürəkdən bağlanaq. Əhd bağlayırıq ki, Sənin və bu iki müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar və abırsız qatillərdən alaq. Bu qisas xalqımızın tələbidir və mütləq, həyata keçirilməlidir. Əvvəldən axıra qədər siyahıları mövcud olan bu cinayətkarlar rahat və yataqda ölmək arzusunu özləri ilə məzara aparacaqlar. Onlar bilməlidirlər ki, bu məsələ nə mənim, nə də digər məsul şəxslərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu iş gerçəkləşəcək və çox keçmədən dünyanın müxtəlif yerlərində azad ruhiyyəli insanların hərəsi bu İlahi vəzifənin bir hissəsini yerinə yetirəcəklər.

Ey ümmətin şəhid atası! Bir ömür həsrətini çəkdiyin şəhadət şərbətini nuş etməyin mübarək olsun! Pak bədənində anan Həzrət Fatimeyi-Zəhradan (s.ə), cəddin İmam Hüseyndən (ə) və Həzrət Əbülfəzl Abbasa (ə) aid nişanələrlə ğşəhadət libasını geyinməyin mübarək olsun! Səninlə birlikdə qəfil düşmən hücumuna məruz qalıb şəhadətə çatan məzlum yol yoldaşların! Xoş olsun sizin halınıza ki, indi bəlkə də dünya həyatınızda dəfələrlə şəfqət və mərhəmətini hiss etdiyiniz o Mövlanın qonağısınız. Allahın rəhmət qapısı olan, xüsusilə də bu diyarın insanları üçün mərhəmət mənbəyi olan o Ağa indi sizin ev sahibinizdir və Onun təhlükəsiz qonşuluğu sizin əbədi məskəniniz olmuşdur.

Sən ey uca məqam sahibi! Ey böyük Ağa! Ey şəfqətli İmam! Ey Əbülhəsən ər-Riza Mürtəza (ə)! Allahın ən üstün salavatı Sənə olsun! İndi Sənin xidmətçilərindən birinin və pak Əhli-beytin xidmətçisi olan bir mücahidin parçalanmış cəsədi, illərlə dayanmadan göstərdiyi səy, mübarizə və cihadın ardından Kərbəla şəhidlərini xatırladan onun ailəsindən olan şəhidlərin pak cənazələri ilə birlikdə bu müqəddəs torpaqda rahatlıq tapır, ta o günə qədər ki, İlahi əmrlə aləmi nurlandıran Günəş, yəni Həzrət Bəqiyyətullah (Allah şərafətli zühurunu tezləşdirsin) qeybət buludlarının arxasından zühur edib bütün yer üzünə İlahi rəhmət nurunu saçacaq. Ümid edirik ki, çox da uzaq olmayan o gündə siddiqlər, şəhidlər və Allah dostları arasından ulduzlar kimi insanlar Ona yoldaşlıq edəcəklər. Ümid edirik ki, şəhid Ağamız da onlardan biri olacaq, yenidən cihadın, varlıq aləmindəki əhdinə vəfanın parlaq səhnələrini nümayiş etdirəcək və bəlkə də bugünkü bu yol yoldaşları da həmin gündə onu müşayiət edəcəklər.

Ey şəfqətli Mövlam! Hər şeyini Sənin yolunda fəda etmiş Ağamızı və onun şəhid yol yoldaşlarını Sənə və Sənin lütf və inayətinə əmanət edirik. Necə ki, onlar dünya həyatlarında Sənin mərhəmətindən bəhrələnirdilər, bundan sonra da həmin nemətdən, hətta daha uca və daha artıq şəkildə faydalansınlar.

Sonda bir daha ağamız Həzrət Bəqiyyətullaha (Allah-təala zühurunu tezləşdirsin) başsağlığı verir, o mərhəmətli İmamdan rica edirik ki, pak dualarını İranın şəhid Ağasına, onun şəhid yol yoldaşlarına və bütün şəhidlərə yönəltsin, həmçinin Uca Allahdan bütün şəhidlər üçün ali məqamlar, onların yaxınları üçün səbir və böyük mükafat, məzlum İran xalqı üçün isə qəti və yaxın qələbə və yardım diləsin. İnşallah.

Seyid Müctəba Hüseyni Xamenei

09.07.2026

11/07/2026