Xəbər
Ali Məhkəmə Həftəsi və Ayətullah Behişti ilə silahdaşlarının şəhadətinin ildönümü münasibətilə İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Ali Məhkəmə Həftəsi və Ayətullah Behişti ilə silahdaşlarının şəhadətinin ildönümü münasibətilə müraciəti yayımlandı.
Bağışlayan və mehriban Allahın adı ilə
Əhli-beytin müsibət günləri, Həzrət Sarullahın (Allahın intiqamını aldığı şəxs) (Allahın salam və salavatı Ona və onun səhabələrinə olsun) və onun vəfalı səhabələrinin şəhadəti münasibətilə İran xalqına və İslam ümmətinə başsağlığı verirəm.
İmam Hüseynin (ə) haqqın bərqərar olması, ümmətin islahı, zülm və haqsızlığa qarşı mübarizə uğrunda qiyamı haqqla batilin, ədalətlə zülmün qarşıdurması tarixinin uca zirvəsi olmaqla yanaşı, dünyanın bütün azadlıq sevər insanları üçün son dərəcə dəyərli və unudulmaz dərslər ehtiva edir. Seyyidüş-Şühədanın (əleyhissalam) qanı Allahın qanı adlandırılır, elə bir qan ki, aləmin damarlarında axır və həyat bəxş edən qəhrəmanlıqlar yaradır. İran İslam İnqilabı və hərəkatı da məhz bu nurani qaynaqdan qidalandığı üçün daim Hüseyni qiyamın məqsədlərinə çatmağa çalışmalıdır. Hər ilin 7 Tiri (28 oyun 1981) inqilabın görkəmli simasını Ali Məhkəmə quruluşunun başında dayanaraq bu məqsəd uğrunda yorulmadan çalışan, sonda isə səmimi silahdaşları ilə birlikdə şəhadət şərbətini içən şəxsiyyəti yada salır. Onun və onunla birlikdə şəhid olan yetmiş iki nəfərin məzlumcasına şəhadəti bu quruluşun və onun memarlarının Hüseyni mahiyyətini bir daha təsdiqlədi.
İran İslam Respublikasında Ali Məhkəmə quruluşunun vəzifəsi xalqın hüquqlarını qorumaq, ümumi hüquqları və qanuni azadlıqları bərpa etmək, fəsadla mübarizə aparmaq, ədaləti təmin etmək, İlahi hökmləri icra etmək və qanunun tətbiqinə nəzarət etməkdir. Bu yolda uğur qazanmağın nəticəsi İlahi razılığı əldə etməklə yanaşı, xalqın dövlətin bu əsas sütununa etimadını daha da möhkəmləndirəcəkdir. Bütün hakimiyyət orqanlarından (Prezident aparatı, parlament və Ali Məhkəmə), qurumlardan və məsul təşkilatlardan gözlənti odur ki, fəaliyyətlərini müqəddəs İran İslam Respublikası quruluşunun yüksək meyarlarına və xalqın uca məqamına uyğun şəkildə daim yenidən tənzimləsinlər. Bu baxımdan Ali Məhkəmə işlərin islahı və dövlətin digər sahələrinin hərəkətə gətirilməsi üçün misilsiz, hətta bənzərsiz mövqeyə malikdir. Bu isə həmin hakimiyyət daxilində islahat və yenidənqurma prosesinin davam etdirilməsini zəruri edir. Hazırda cəmiyyətin ümumi gözləntisi odur ki, Ali Məhkəmə fəaliyyətində bu istiqamətdə əməli addımların atıldığının şahidi olsun. Məhkəmə islahatları islahat sənədində, proqramlarda və fəaliyyət planlarında yazılmış sözlərlə məhdudlaşmamalı, praktikada həyata keçirilməli və onun nəticələri məhkəmə komplekslərinin otaqlarından və məhkəmə iclaslarından tutmuş ictimai məkanlara və sosial mühitə qədər bütün sahələrdə aydın görünməlidir. Elə olmalıdır ki, insanlar bunun müsbət təsirlərini gündəlik həyatlarında fəsad və digər qanun pozuntularına qarşı qəti mübarizədə, hüquq pozuntularının azalmasında, işlərə daha operativ baxılmasında, hakim qərarlarının keyfiyyətinin və etibarlılığının yüksəlməsində, həmçinin ədalətə daha asan çıxış imkanlarında hiss etsinlər. Belə bir məhkəmə sistemində ədalətin icrası elə bir səviyyəyə çatmalıdır ki, hər bir məzlum onu özünün sığınacağı bilsin. Xüsusilə də müəyyən hakimiyyət və nüfuza malik şəxslər başqalarının hüquqlarını tapdalamağa cürət etməsinlər. Tövsiyə və vasitəçilik qapısı tamamilə bağlanmalı, sistem daxilində tanışının olması heç bir üstünlük hesab edilməməlidir.
Əlbəttə, xalqın hüquqlarının təmin olunması yalnız fərdi məsələlərlə məhdudlaşmır. İqtisadi təhlükəsizlik hüququ, imkanlardan ədalətli şəkildə istifadə, təbii sərvətlərdən bərabər faydalanmaq, sağlam ətraf mühit, qanuni azadlıqlar və səmərəli idarəçilik kimi ümumi və ictimai hüquqlar da ədalətin genişlənməsi istiqamətində mühüm məsələlər sırasındadır.
Hazırkı dövrdə bütün İran xalqını əhatə edən ən mühüm hüquqi və məhkəmə məsələlərindən biri 2025 və 2026-cı illərdə beynəlxalq cinayətkarların, hegemon və təcavüzkar qüvvələrin törətdiyi cinayətlər nəticəsində tapdalanmış hüquqların təqib olunması və bərpasıdır.
İkinci və üçüncü tətbiq olunmuş müharibələrin məzlum şəhidlərinin qanından tutmuş, əziz ölkəmizə və İranın məzlum xalqının hər bir fərdinə – istər ölkə daxilində, istərsə də xaricdə – vurulmuş fiziki, mənəvi, maddi və psixoloji zərərlərə qədər; Minab və Lamerd şəhərlərində misli görünməmiş müharibə cinayətlərindən və körpələrin qətliamından tutmuş tibb və xidmət mərkəzlərinə hücumlara qədər, bir neçə günlük körpələrin və ahıl insanların qətlə yetirilməsindən tutmuş, bütün bunların zirvəsində duran misilsiz şəxsiyyət, dövrünün bənzəri olmayan rəhbəri, böyük mücahid Rəhbərimizin (Allah məqamını uca etsin) şəhadətinə qədər-bütün bunların hər biri daxili və beynəlxalq məhkəmələrdə ciddi şəkildə araşdırılmalı olan yüzlərlə, hətta minlərlə mühüm hüquqi iş təşkil edir. Şübhəsiz ki, cinayətkarlar məsuliyyətə cəlb edilməli və törətdikləri cinayətlərin cəzasını almalıdırlar.
Bu məsələdə mühüm məqam ondan ibarətdir ki, birincisi, Amerika və sionist düşmənlərin bəzi rəhbərlərinin bu cinayətləri etiraf etməsi, hətta onlarla öyünməsi hüquqi baxımdan açıq etiraf sayılır və xalqın tapdalanmış hüquqlarının bərpası üçün münasib zəmin yaradır.
İkincisi, şəhid İnqilab Rəhbərinin ötən ilin iyun ayında məhkəmə məsullarının son görüşündə ikinci tətbiq olunmuş müharibənin cinayətlərinin araşdırılması barədə verdiyi göstərişə əməl olunması bu yanaşmanın üçüncü tətbiq olunmuş müharibəyə də şamil edilməsini, prosesin hökm çıxarılana və onun icrası layiqli şəxslərə həvalə edilənədək davam etdirilməsini tələb edir. Bu addım öz növbəsində belə cinayətlərin təkrarının qarşısını alacaqdır.
Əlbəttə, Ali Məhkəmə quruluşunun hərtərəfli islahatların uğurla həyata keçirilməsi və qeyd olunan məqsədlərə daha sürətlə çatılması üçün müxtəlif hazırlıq tədbirləri və şərtlər tələb olunur. Bunların əksəriyyəti şəni uca olan şəhid Rəhbərin (Allah onun pak ruhunu şad etsin) məhkəmə məsulları ilə illik görüşlərində və geniş tövsiyələrində dəfələrlə bəyan edilmişdir. Onlara ciddi diqqət yetirilməsi və həyata keçirilməsi üçün göstərilən səylər Ali Məhkəmənin hörmətli məsullarının uğurunun açarı hesab olunur və bu, mənim ciddi tələbimdir.
Ədalətə nail olmaq, zülm və fəsad ilə mübarizə aparmaq asan yol deyil. Bu yol ixlas və təvəkkül, yüksək səviyyəli təqva, möhkəm iradə və ciddiyyət, böyük səy və əzmkarlıq, şücaət və qətiyyət, təşəbbüskarlıq, müasir texnologiyalardan düzgün istifadə və işlərin ağıllı şəkildə idarə olunması ilə hamarlaşacaqdır. Bütün bunların həyata keçməsi, Allahın izni ilə, ağamız Həzrət Ədlül-Müntəzər (İntizarında olunan ədalətin) (Allah fərəcini tezləşdirsin) xüsusi inayəti sayəsində mümkün olacaqdır, inşallah.
Seyid Müctəba Hüseyni Xamenei
28.06.2026
28/06/2026

