Xəbər
Mücahid şəhid imam Həzrət Ayətullahül-üzma Xameneinin (Allah məqamını daha da uca etsin) qanlı şəhadət zirvəsinə ucalmasının anım qərargahının 4 saylı məlumatı
“Ayağa qalxmaq gərəkdir” – əsas şüar, “Sıxılmış yumruq” isə “İranın şəhid ağasının son mənzilə yolasalma mərasimi”nin rəsmi nişanıdır
Bağışlayan və mehriban Allahın adı
Əssəlamu əleykə ya Sarəllah vəbnə Sarih
Qanın qılınca qalib gəldiyi məhərrəm ayının dünya azadələrinin ağası Həzrət Seyyidüş-Şühəda İmam Hüseynin (əleyhissalam) və vəfalı səhabələrinin matəm günlərinin başlanması, eləcə də mücahid şəhid Həzrət Ayətullah əl-Üzma İmam Seyid Əli Hüseyni Xameneinin (Allah məqamını daha da uca etsin) və İslam İnqilabı Rəhbərinin ailəsindən olan şəhidlərin vida, dəfnə yolasalma və torpağa tapşırılma mərasimləri ərəfəsində bu tədbirin məzmun istiqamətləri və təbliğ-təşviq yanaşmaları barədə əziz İran xalqını və həmin misilsiz şəxsiyyətin ölkə daxilində və xaricindəki dostlarının nəzərinə çatdırırıq.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei (Allah ömrünü uzun etsin) ilk müraciətində şəhid Rəhbər haqqında buyurmuşdur:
“Şəhadətindən sonra onun nəşini ziyarət etmək mənə nəsib oldu, gördüyüm şey bir möhkəmlik dağı idi. Eşitdim ki, sağlam qalan əlinin yumruğu sıxılmış vəziyyətdə idi...”
Həmin “Sıxılmış yumruq” bu misilsiz şəxsiyyətin son mənzilə yolasalma mərasiminin rəsmi nişanı olmaqla yanaşı, sadəcə bir simvol deyil, o, ümmətin mehriban atasının dünya hegemonizmi qarşısında dəfələrlə dayanan, heç vaxt titrəməyən və Allahdan başqası üçün açılmayan əlinin təcəssümüdür.
Məhz bu sıxılmış yumruqdan və onun kimi məzlum, lakin qüdrətli bir insanın coşan qanından dünya azadələrinin qəlbləri təlatümə gəlib, İran xalqı isə yenidən dirçəliş tapıb. Elə bir dirçəliş ki, onun davamı haqq cəbhəsinin bayrağını ucaltmaqda, mücahid şəhid imamımızın pak qanının intiqamını almaqda və İslami olan İran üçün daha güclü gələcək qurmaqda özünü göstərməlidir.
Zamanı təlatümə gətirən bu müqəddəs qanın coşqusu ilə bu mərasimin əsas şüarı belə müəyyən edilmişdir:
“Ayağa qalxmaq gərəkdir”
Bu şüar əziz Rəhbərimizin (Allah ömrünü uzun etsin) bu ilin 14 Xordad (4 iyun İmam Xomeyninin ildönümündə) müraciətində İmam Xomeyni və əziz Xamenei məktəbinin təməli kimi təqdim etdiyi “Allaha görə qiyam etmək” çağırışının davamıdır. Elə bir qiyam ki, 1963-cü ilin 6 iyununda başladı, 1979-cu ilin fevral ayında bəhrəsini verdi, müqavimət dövründə davam etdi və indi Allahın saleh bəndəsinin məzlumcasına şəhadəti ilə yeni bir mərhələyə qədəm qoydu.
“Ayağa qalxmaq gərəkdir”, yəni bu qan o qədər coşquludur ki, artıq heç bir aşiqin sakit qalmasına imkan verməyəcək.
“Ayağa qalxmaq gərəkdir”, yəni ayağa qalxmış xalqın onun qanı ilə bağladığı əhdin can bahasına da olsa davam etdiriləcəyini bildirir.
“İranın şəhid ağasının son mənzilə yolasalma mərasimi” adlandırılan bu tədbir üçün vahid vizual kimlik paketi hazırlanmışdır ki, bütün media məhsullarının, təbliğ materiallarının, şəhər və ictimai məkanların tərtibatının, mədəni məhsulların və əlaqəli proqramların əsasını təşkil etsin.
Lakin bu matəm yalnız İran xalqına aid deyil. Müqavimət cəbhəsi ölkələrindən dünyanın ən uzaq nöqtələrinədək bütün azadə və azadlıqsevərlər bu böyük şəhadətin dərdini yaşayırlar. İslam ümməti həmin məktəbdən ilham alaraq İlahi çağırışı səsləndirir:
“Qumu lillah” – Allah üçün ayağa qalxın.
Bu şüar şəhid imamımızın son hikmətli tövsiyə və mesajlarının xülasəsidir. “Qumu lillah” təkcə onun tövsiyəsi deyil, həm də onun məktəbi ilə yenidən beyətdir, dünyaya verilən bir mesajdır ki, həmin əzəmət, həmin iman və misilsiz şücaət bundan sonra daha böyük qüdrət və möhkəmliklə davam edəcəkdir.
Uca Allahın lütfü və Həzrət Əsrin Vəlisinin (Allah zühurunu tezləşdirsin) xüsusi inayəti ilə bu yolasalma mərasimi, İnqilabın böyük Rəhbərinin (müddə zilluhul-ali) bayraqdarlığı altında İran xalqının və İslam ümmətinin yeni dirçəlişinin, parlaq gələcəyə doğru böyük fəthin başlanğıcı olacaqdır, inşallah.
Şəhid İnqilab Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi
16 iyun / 1 Məhərrəm 1448
16/06/2026
