logo khamenei

Xəbər

Silahlı Qüvvələrin Ali Baş Komandanının 29 Fərvərdin (18 aprel)– İran İslam Respublikasının Ordusunun mübarək təsis olunduğu gün münasibətilə mesajı

Silahlı Qüvvələrin Ali Baş Komandanının 29 Fərvərdin (18 aprel)– İran İslam Respublikasının Ordusunun mübarək təsis olunduğu gün münasibətilə mesajı

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, Silahlı Qüvvələrin Ali Baş Komandanı yayımladığı mesajda Ordu Gününü bütün hərbçilərə, onların dəyərli ailələrinə və böyük İran xalqına təbrik etmiş, İslam İnqilabının qələbəsini düşmənin orduya zorla qəbul etdirdiyi zəiflik dövrünün sonu kimi dəyərləndirmiş və vətənin torpağını, suyunu və İran bayrağını qorumaq uğrunda son rəşadətlərindən bəhs etmişdir.

Həmçinin şəni uca olan şəhid Rəhbərimizin doğum ildönümü münasibətilə mesajın bir hissəsində onun ordunun ləğvi ilə bağlı şeytani çağırışlara qarşı bu qurumu qorumaq və sonradan onun imkanlarını artırmaq istiqamətində göstərdiyi səylərə işarə etmişdir.

Mesajın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

"Həqiqətən, Allah Öz yolunda səf-səf dayanıb, sanki möhkəm bir bina kimi vuruşanları sevir".

29 Fərvərdin (18 aprel) mərhum böyük İmam Xomeyninin hikmətli təşəbbüsü ilə İran İslam Respublikasının Ordu Günü kimi adlandırılmış bu mübarək günü bütün hərbçilərə, onların dəyərli ailələrinə və böyük İran xalqına təbrik edirəm.

İslam İnqilabının qələbəsi ordunun həyatında iki mərhələ arasında ayırıcı xətt hesab olunur. Bunu, bu torpaq və vətənin düşmənləri tərəfindən və daxildəki xainlərin əli ilə ölkənin rəşadətli və sadiq ordusuna zorla qəbul etdirilmiş zəiflik dövrünün sonu saymaq lazımdır. Ondan sonra ordu öz doğru mövqeyində dayandı, artıq Pəhləvi rejiminin tağuti və fasid sisteminə deyil, xalqın isti qucağında yer tutdu. Həqiqətən də, ordu xalqın övladıdır və xalqın evlərindən çıxır. Çox keçmədən ordu ABŞ-ın, Pəhləvi tağutunun qalıqlarının və parçalanmış İran istəyən separatçıların çirkin planlarına qarşı durdu və qəhrəmanlıqlar yaratdı.

İslam ordusu indi də əvvəlki iki tətbiq olunmuş müharibədə olduğu kimi mənsub olduğu torpağı, suyu və bayrağı igidliklə müdafiə edir. İlahi və xalq dəstəyinə arxalanaraq, sıx və möhkəm sıralarda, silahlı qüvvələrin digər mücahidləri ilə çiyin-çiyinə küfr və təkəbbür cəbhəsinin başında duran iki ordu ilə üz-üzə dayanıb, onların zəifliyini və rüsvayçılığını dünya qarşısında üzə çıxarmışdır. Necə ki, onun pilotsuz uçuş aparatları ildırım kimi amerikalı və sionist canilərin üzərinə şığıyır, rəşadətli dəniz qüvvələri də düşmənlərə yeni məğlubiyyətlərin acısını daddırmağa hazırdır.

Digər tərəfdən, 29 Fərvərdin həm də dövrünün yeganəsi olan böyük şəhid Rəhbərimizin doğum günüdür. O şəxs ki, inqilabın ilk onilliyindən etibarən ordunun ləğvi barədə şeytani çağırışlara qarşı onun qorunması, daha sonra isə müxtəlif sahələrdə güc və imkanlarının artırılması üçün ən çox çalışanlardan olmuşdur.

Şübhəsiz, ölkənin şərqindən qərbinə, şimalından cənubuna qədər keşiyini çəkən bu əsil xalq qurumunun müxtəlif sahələrdə inkişaf xətti daha da güclü şəkildə davam etdirilməlidir və Allahın izni ilə, yaxın zamanda bunun həyata keçməsi üçün lazımi göstərişlər veriləcəkdir.

Bu yolda son beş onillikdə müxtəlif nəsillər boyunca ordunu idarə edib yönləndirən qəhrəman simalara diqqət yetirmək, onların çoxunun şəhidlər sırasına qoşulduğunu xatırlamaq, proqram və fəaliyyətlərini, həmçinin səmimi və nəcib davranışlarını öyrənmək silahlı qüvvələrin bütün hissələri üçün dərs və ilham mənbəyi olacaqdır. Qərəni, Fəllahi, Namcu, Fəkuri, Babai, Səttari, Ərdəstani və Səyyad Şirazidən tutmuş son tanınmış şəhidlər Seyid Əbdülrəhim Musəvi və Əziz Nəsirzadəyə qədər.

Uca Allahın salamı və rəhməti İran İslam Respublikasının ordusunun bütün mücahidlərinə olsun — onun əmir və komandanlarından tutmuş səssiz və adsız əməkdaşlarına və əsgərlərinə qədər. Uca Allahın salamı bütün fədakarlara və qazilərinə olsun. Onun xüsusi rəhməti isə ABŞ və sionist rejimin böyük İran xalqına qarşı tətbiq olunmuş müharibəsində şəhid olanların bütün möhtərəm ailələrinə olsun. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.

Seyid Müctəba Hüseyni Xamenei

18.04.2026

18/04/2026