Mesaj
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Novruz mesajı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei hicri-şəmsi 1405-ci ilin başlanması münasibətilə yayımladığı mesajda 1404-cü ilin hadisələrinə, İran xalqına qarşı zorla tətbiq olunmuş üç hərbi və təhlükəsizlik müharibəsinə nəzər salaraq, şəhidlərin, xüsusilə şəhid və böyük məqamlı İnqilab Rəhbərinin, Minab məktəbinin balaca fidanlarının, silahlı qüvvələrin döyüşçülərinin və bütün şəhidlərin xatirəsini yad etmiş, yeni ildə iqtisadiyyat, məişətin təmin olunması və ümumi xalq üçün sərvət istehsalı məsələsinə diqqətin davam etdirilməsini vurğulamış və iqtisadi problemlərin həlli üçün hərtərəfli proqram hazırlanmasına işarə edərək 1405-ci ili “Milli birlik və milli təhlükəsizlik kölgəsində dayanıqlı müqavimət iqtisadiyyatı ili” adlandırmışdır.
İslam İnqilabı Rəhbərinin Novruz mesajının tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Ey qəlbləri və baxışları dəyişən! Ey gecə və gündüzü nəzm-intizama salan! Ey illəri (bir-birinin ardınca) dəyişən! Ey ili və insanların halını (yaxşıya doğru) dəyişən! Bizim halımızı ən gözəl hala sal!
Bu il mənəviyyat baharı ilə təbiət baharı, yəni mübarək Fitr bayramı ilə qədim Novruz bayramı bir vaxta düşmüşdür. Bu iki dini və milli bayramı xalqımızın bütün fərdlərinə təbrik edirəm, xüsusilə də Fitr bayramını bütün dünya müsəlmanlarına təbrik edirəm. Həmçinin İslam döyüşçülərinin qazandığı mühüm qələbələr münasibətilə hamını təbrik etməyi zəruri hesab edirəm və ikinci tətbiq olunmuş müharibənin, yanvar ayı çevrilişinin, üçüncü tətbiq olunmuş müharibənin, təhlükəsizlik və sərhəd mühafizəsi şəhidlərinin və adsız qəhrəman (kəşfiyyat əməkdaşları) şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
1405-ci hicri-şəmsi ilin başlanması münasibətilə bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm.
Əvvəlcə ötən ilin bəzi mühüm hadisələrinə qısa nəzər salacağam. Keçən il əziz xalqımız üç hərbi və təhlükəsizlik müharibəsi yaşadı. Birinci müharibə (keçən ilin) iyun ayında baş verdi. Sionist düşmən ABŞ-ın xüsusi dəstəyi ilə və danışıqlar zamanı namərdcəsinə hücum edərək ölkəmizin ən seçilmiş sərkərdələrindən və görkəmli alimlərindən bəzilərini, ardınca isə təxminən min vətəndaşımızı şəhid etdi. Düşmən böyük hesabat səhvi edərək elə güman edirdi ki, bir-iki gün sonra bu xalqın özü İslam quruluşunu devirməyə qalxacaq. Lakin sizin ayıqlığınız, İslam döyüşçülərinin misilsiz şücaəti və böyük fədakarlıqlar nəticəsində çox keçmədən onun acizliyi və biçarəliyi üzə çıxdı və vasitəçilər axtararaq qarşıdurmanı dayandırmağa məcbur oldu, bir növ özünü uçurumun kənarından xilas etdi.
İkinci müharibə yanvar ayındakı çevriliş idi. ABŞ və sionist rejim belə düşünürdü ki, tətbiq olunmuş iqtisadi çətinliklərdən təsirlənmiş İran xalqı onların istədiyini həyata keçirəcək. Onlar öz muzdlu qüvvələrindən istifadə edərək böyük faciələr törətdilər, əvvəlkindən daha çox vətəndaşımızı şəhid etdilər və böyük ziyanlar vurdu.
Üçüncü müharibə hazırda içində olduğumuz bu müharibədir. Onun ilk günündə biz, ümmətin mehriban atası, dəyəri uca məqamlı Rəhbərimizi – məqamı uca olsun – böyük bir şəhidlər karvanının önündə, sonsuz bir şövq və iştiyaqla, İlahi rəhmətin kölgəsində, pak nurların yaxınlığında və siddiqlər ilə şəhidlər sırasında onun üçün hazırlanmış məqama doğru səmavi bir səfərə tələsərkən, gözlərimiz yaşlı, qəlblərimiz kədərli və sınmış halda yola saldıq. Həmin gündən etibarən bu müharibənin digər şəhidlərini Minab şəhərindəki “Şəcəreyi-Təyyibə” məktəbinin balaca fidanlarını, “Dena” esminesinin igid və məzlum qəhrəmanlarını, SEPAH, ordu, polis qüvvələri, Bəsic və sərhədçilərin şəhidlərini, eləcə də xalqın digər şəhidləri – kiçikdən tutmuş böyüyə qədər – nur karvanı gözümüzün müqabilindən keçərək böyük həsrətlə yola saldıq. Bu müharibə düşmənin öz xeyrinə xalq arasında geniş və nəzərəçarpan bir hərəkat yaratmaqdan ümidini kəsməsindən sonra və belə bir xam təsəvvürlə baş verdi ki, əgər quruluşun başında duran və bir sıra təsirli hərbi şəxsləri şəhid edərsə, siz əziz xalqımızın qəlbində qorxu və ümidsizlik yaradacaq, sizi meydanı tərk etməyə vadar edəcək və bu yolla İrana hakim olmaq, ardınca isə onu parçalamaq xülyasını gerçəkləşdirəcəkdir. Lakin siz bu mübarək ayda orucu cihadla birləşdirərək bütün ölkə boyu geniş müdafiə xətti və meydanlar, məhəllələr və məscidlərdən ibarət saysız möhkəm səngərlər yaratdınız və ona sarsıdıcı zərbə vuraraq onu ziddiyyətli və mənasız sözlər danışmağa məcbur etdiniz.
Siz bundan əvvəl 12 yanvarda çevrilişi məğlub etdiniz, 11 fevralda yenidən dünya hegemonlarına qarşı mövqeyinizi və yorulmazlığınızı göstərdiniz və 13 martda, yəni Qüds Günü ona daha bir zərbə vuraraq başa saldınız ki, onun qarşısında yalnız raket, pilotsuz uçuş aparatları və hərbi vasitələr yoxdur, İranın ön cəbhəsi onun dar və cılız düşüncəsindən qat-qat genişdir. Burada yeri var ki, mən bütün əziz xalqımıza bu böyük qəhrəmanlığına görə təşəkkürümü bildirəm, həmçinin sadə və təmtəraqsız şəkildə xalqın arasında hazır olan şücaətli, sədaqətli və xalq yönümlü prezidentə və digər məsul şəxslərə də minnətdarlığımı bildirəm. Bu qəbildən olan davranış və onu biruzə verməyin özü çox gözəl bir iş olaraq xalqla hakimiyyət arasında birliyi daha da gücləndirər.
Hazırda sizin aranızda dini, fikri, mədəni və siyasi fərqlərə baxmayaraq, yaranan bu təəccübə gətirən vəhdət düşməndə sarsıntı yaradıb. Bu, Uca Allah tərəfindən verilmiş xüsusi nemətdir və buna həm dillə, həm qəlblə, həm də əməl ilə şükür etmək lazımdır. İnkar olunmaz qaydalardan biri budur ki, hər hansı bir nemətə şükür edildikdə, edilən şükürün miqdarına uyğun olaraq onun kökü daha da möhkəmlənir, yüksəlir və şükür edən insana daha artıq İlahi lütflər yönəlir. Bu nemətin əməli şükrü odur ki, biz onu Uca Allahın rəhməti kimi qəbul edib mümkün qədər ondan düzgün istifadə edək. Bu halda birlik daha da güclənəcək və düşmənləriniz daha da kiçiləcək.
Bunlar 1404-cü ilin bəzi mühüm hadisələrinə qısa baxış idi.
Amma indi 1405-ci ilin astanasında olduğumuz bir vaxtda bir neçə məsələ ilə üz-üzəyik. Onlardan biri budur ki, əziz qonağımız olan 1447-ci hicri qəməri ilinin mübarək Ramazan ayı ilə əbədi olaraq vidalaşırıq. Elə bir ay ki, onun Qədr gecəsində qəlbləriniz uca aləmə yönəldi, mərhəmətli Allahı çağırdınız və O da Öz lütf nəzərini sizə yönəltdi. Siz Mövlamızdan (Allah onun fərəcini tezləşdirsin) və Onun Rəbbindən fəth, qələbə, salamatlıq və müxtəlif nemətlər dilədiniz və şübhəsiz ki, bu nizama və bu millətə daim olan İlahi inayətlərə əsasən, inşallah, ya qəlbinizdə istədiyinizin eynisini, ya da ondan daha yaxşısını əldə edəcəksiniz. Bu ayrılıqla yanaşı ki, insanların mərifəti nə qədər çox olsa, onun acılığı və kədəri də bir o qədər artıq olar, mübarək və bərəkətli Şəvval ayının hilalına da ağuş açır və qorxu ilə ümid arasında Allah-təalanın bayram bəxşişini gözləyirik. Ümid edirəm ki, sizin bu gecə-gündüz məsuliyyətli iştiraklarınızdan və Qüds Günü yaratdığınız o böyük qəhrəmanlıq dastanından sonra Uca Allah bizimlə yalnız Öz kərəm, helm, əfv və geniş lütfü ilə rəftar etsin. Xüsusilə, ümid edirik ki, tezliklə Mövlamız Həzrət Allahın Əzəmətli Vəlisinin zühur işində ümumi bir açılış müjdəsi ilə Onun mübarək qəlbini sevindirsin ki, bunun nəticəsində dünya əhlinə müxtəlif bərəkətlər nazil olacaqdır, öz minnəti və kərəmi sayəsində.
Digər qarşılaşdığımız mühüm məsələ isə qədim Novruz bayramıdır. Bu bayram təbiətdən gələn yenilənmə, təravət və həyat müjdəsini özü ilə gətirir və sevinc və şadlıqla sıx bağlıdır.
Digər tərəfdən bu il ümumi xalq üçün elə ilk ildir ki, şəhid Rəhbərimiz və digər uca məqamlı şəhidlər aramızda deyillər. Xüsusilə şəhid ailələrinin və yaxınlarının qəlbləri əzizlərinin dərdi ilə yanır. Bununla belə, mən öz payıma və ətrafımda (ailəmdə) bir neçə şəhid olan sadə bir vətəndaş kimi düşünürəm ki, biz qəm libası geyinsək də və qəlblərimiz bütün şəhidlərin hüzn məkanı olsa da, bu günlərdə yeni gəlinlər və bəy olan gənclərimizin ailə qurmasına sevinirik və inşallah, şəhid Rəhbərimizin və bu müharibənin digər uca şəhidlərinin duaları onların yoluna yoldaş olsun. Tövsiyə edirəm ki, bütün xalq bu günlərin ənənəvi görüşlərini, şəhid ailələrinin halını nəzərə alaraq və onlara hörmətlə yanaşaraq davam etdirsin. Hətta mümkündürsə, hər məhəllənin sakinləri yeni il görüşlərini həmin məhəllənin şəhidlərini yad etməklə başlasınlar. Əlbəttə, hörmətli dövlətin şəhid Rəhbərimizin müsibəti ilə bağlı müəyyən etdiyi müddət öz qüvvəsində qalır və ona riayət olunması bu dövlətin və ölkənin əzəmətinin bir hissəsi sayılır.
Bu sözlərdən sonra daha bir neçə qısa məqamı qeyd etmək istəyirəm.
Birincisi, bu günlərdə meydanlarda, məhəllələrdə və məscidlərdə iştirak etməklə yanaşı, əlavə səylə ictimai rollarını gücləndirən insanlara xüsusi təşəkkür edirəm. O cümlədən bəzi istehsal müəssisələrinə (istər dövlət, istərsə də özəl), bəzi xidmət sahələrinə və xüsusilə peşəsi tələb etmədiyi halda müxtəlif faydalı xidmətləri xalqa pulsuz təqdim edən şəxslərə minnətdarlığımı bildirirəm ki, şükürlər olsun, bu cür insanlar çoxdur.
İkincisi, düşmənin yollarından biri media əməliyyatlarıdır. O, xüsusilə bu günlərdə bəzi insanların düşüncə və psixologiyasını hədəf alaraq milli birliyə və bunun nəticəsində milli təhlükəsizliyə zərbə vurmaq istəyir. Biz diqqətli olmalıyıq ki, səhlənkarlıq nəticəsində bu pis niyyət öz əlimizlə həyata keçməsin. Buna görə də ölkə daxilindəki bütün media qurumlarına—fikir, siyasi və mədəni fərqlərə baxmayaraq—tövsiyəm budur ki, zəif cəhətlərin qabardılmasından ciddi şəkildə çəkinməlidirlər. Əks halda düşmənin məqsədinə çatma ehtimalı var.
Üçüncüsü, düşmənin ümid etdiyi yollardan biri də uzun zamandır mövcud olan iqtisadi və idarəetmə zəifliklərindən istifadə etməkdir. Şəhid Rəhbərimiz müxtəlif illərdə ilin əsas şüarını iqtisadiyyata yönəltmişdi. Mənim də aciz fikrimcə, xalqın məişətinin təmin olunması, yaşayış və rifah infrastrukturunun inkişafı və ümumi xalq üçün sərvət istehsalı əsas məsələdir və bu, düşmənin başladığı iqtisadi müharibəyə qarşı bir növ müdafiə, hətta nəzərə çarpan bir irəliləyiş sayılır. Mənim üçün müxtəlif sosial təbəqələrdən olan insanların sözlərini eşitmək imkanı böyük bir nemət olub. Hətta bir müddət tanınmaz bir qrup şəkilində, öz istəyimlə götürülmüş taksidə sizinlə birlikdə Tehran küçələrində yol gedir və söhbətlərinizi dinləyirdim və bunu bir çox rəy sorğularından daha üstün hesab edirdim. Çox vaxt sizin sözlərinizlə razı idim; bu sözlər, adətən, iqtisadi və idarəetmə sahəsində tənqidi fikirlər şəklində olurdu. Bu prosesdə sizdən çox şey öyrəndim və hələ də öyrənməyə çalışıram. O cümlədən 19 Ramazan öncəsi və sonrasında meydanlarda olan sizlərdən də yeni məqamlar öyrəndim. Ümid edirəm bu nemətdən məhrum olmayım. Bu öyrənmə və müşahidələr, eləcə də digər araşdırmalar nəticəsində problemlərin həlli üçün təsirli və mütəxəssislər tərəfindən işlənmiş, mümkün qədər əhatəli bir proqram hazırlanmışdır və şükürlər olsun ki, qəbul edilə bilən səviyyədə formalaşıb və tezliklə yüksək iradəli məsul şəxslər və bütün xalqın əməkdaşlığı ilə icraya hazır olacaq, inşallah. Bu hissənin sonunda isə şəni uca olan şəhid Rəhbərdən ilham alaraq bu ilin şüarını belə elan edirəm: “Milli vəhdət və milli təhlükəsizlik kölgəsində dayanıqlı müqavimət iqtisadiyyatı”.
Dördüncüsü və son olaraq, mənim ilk bəyanatımda qonşu ölkələrlə münasibətlər barədə qeyd etdiyim mövqe ciddi və realdır. Biz qonşuluqdan əlavə bir çox mənəvi ortaq cəhətlərə sahibik, ən başlıcası İslam dinində ortaq olmaq, bəzi ölkələrdə müqəddəs ziyarətgahların mövcudluğu, bəzi yerlərdə çox sayda iranlının yaşayıb işləməsi, bəzi hallarda ortaq etnik köklər, dil yaxınlığı və ya xüsusilə dünya hegemonlarına qarşı ortaq strateji maraqlar. Bunların hər biri münasibətlərin möhkəmlənməsinə səbəb ola bilər. Xüsusilə şərq qonşularımızı özümüzə çox yaxın hesab edirik. Mən əvvəllər də bilirdim ki, Pakistan şəhid Rəhbərimizin xüsusi maraq göstərdiyi ölkə idi; bunun nümunəsi dağıdıcı sel zamanı oradakı eyni dindən olan insanlarımız üçün etdiyi çıxışlarda onun qəhərlənməsi idi. Mən də müxtəlif səbəblərə görə həmişə belə düşünmüşəm və bunu müxtəlif görüşlərdə ifadə etməkdən çəkinməmişəm. Buradan iki qardaş ölkəyə—Əfqanıstan və Pakistana—müraciət edirəm ki, Allah rizası üçün və müsəlmanların birliyini pozmamaq naminə münasibətlərini daha da yaxşılaşdırsınlar və mən də öz növbəmdə bu istiqamətdə lazım olan addımları atmağa hazıram.
Həmçinin qeyd edirəm ki, Türkiyə və Oman kimi bizimlə yaxşı münasibətləri olan ölkələrin bəzi bölgələrinə qarşı həyata keçirilən hücumlar heç bir halda İran İslam Respublikasının Silahlı Qüvvələri və ya müqavimət cəbhəsinin digər qüvvələri tərəfindən törədilməmişdir. Bu, sionist düşmənin “Yalançı bayraq” üsulundan istifadə edərək İran İslam Respublikası ilə qonşuları arasında ixtilaf yaratmaq məqsədilə qurduğu bir hiylədir və bu cür hadisələr başqa ölkələrdə də baş verə bilər. Bu bölmə ilə bağlı digər məsələləri daha əvvəl qeyd etmişəm.
Ümid edirəm ki, Mövlamızın (Allah onun fərəcini tezləşdirsin) duası və Uca Allahın inayəti ilə qarşıdakı il xalqımız, bütün qonşularımız, müsəlman xalqlar və xüsusilə müqavimət cəbhəsinin üzvləri üçün yaxşı, qələbələrlə dolu, maddi və mənəvi açılışlarla zəngin bir il olacaq, İslam və bəşəriyyət düşmənləri üçün isə belə olmasın.
Quran buyurur: “Biz istəyirik ki, yer üzündə zorla zəiflədilmiş insanlara lütf göstərək, onları insanlar üçün rəhbərlər təyin edək, onları (yerin) varisləri edək,
Onlara yer üzündə güc və qüdrət verək və Firona, Hamana və onların ordularına qorxduqları şeyi göstərək.”
Uca və böyük Allah doğru buyurmuşdur, Onun kəramətli Peyğəmbəri də doğru demişdir və biz buna şahidlərdənik.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
20 mart, 2026
20/03/2026

