logo khamenei

Müsahibə

KHAMENEI.IR media orqanının İslam İnqilabının şəhid Rəhbərinin bənzərsiz və seçkin xüsusiyyətləri barədə Həzrət Ayətullah Seyyid Müctəba Xamenei ilə yayımlanmamış müsahibəsi

KHAMENEI.IR media orqanının İslam İnqilabının şəhid Rəhbərinin bənzərsiz və seçkin xüsusiyyətləri barədə Həzrət Ayətullah Seyyid Müctəba Xamenei ilə yayımlanmamış müsahibəsi

İlahi uğur qapıları şəhid İnqilab Rəhbəri üçün necə açıldı? Oxuyacağınız mətn, İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin indiyədək olan yeganə müsahibəsindən seçilmiş hissələrdir. O, bütün bu illər ərzində mediada iştirakdan və hər cür müsahibədən çəkinmişdir. Yalnız istisna hal kimi Ayətullah Seyid Cavad Xameneinin (Allah ona rəhmət etsin) elmi və mənəvi məqamının anım mərasimi ərəfəsində, mərhumun haqqını ödəmək və şəxsiyyətini uca saymaq məqsədilə bu müsahibəni verməyə razı olmuşdur. Bu müsahibənin verildiyi vaxt, yəni 2021-ci ilin ortalarında bir neçə saat davam edən söhbət zamanı mərhum Ayətullah Seyid Cavad Xamenei haqqında danışılarkən müxtəlif mövzulara, o cümlədən şəxsi xatirələrə və həmçinin şəhid İnqilab Rəhbərinin bəzi seçkin və bənzərsiz xüsusiyyətlərinə də toxunulmuşdur. Lakin o, suallara cavab verərkən dəfələrlə qeyd edirdi ki, bu söhbətin əsas mövzusu həmin İlahi və təqvalı alimdir və söhbətin istiqamətini yenidən əsas mövzuya qaytarırdı. Buna görə də, əslində şəhid İnqilab Rəhbərinin şəxsiyyətinin təhlili məqsədini daşımırdı. Bununla belə, bu müsahibədə qeyd olunan bəzi məqamlar olduqca maraqlı və diqqətəlayiqdir. Buna görə də, əsasən, şəhid İnqilab Rəhbəri ilə bağlı olan hissələri KHAMENEI.IR media platformasının oxucuları üçün seçib təqdim etmişik. Bu müsahibənin tam mətni gələcəkdə Ayətullah Seyid Cavad Xameneinin (Allah rəhmət eləsin) anımına həsr olunmuş xüsusi nəşrdə yayımlanacaq.

Bağışlayan və mehriban Allahın adı ilə
İslam İnqilabının Ali Rəhbərinin şəhid Rəhbər haqqında xatirələrindən bir hissə 

 

Şəhid İnqilab Rəhbəri üçün İlahi uğurların qapıları necə açıldı? 

Oxuyacağınız mətn, İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (kölgəsi davamlı olsun) bu günədək verdiyi yeganə müsahibənin bəzi hissələridir. O, bütün bu illər ərzində mediada iştirakdan və hər cür müsahibədən çəkinmişdir və yalnız bu istisna halında — Ayətullah Seyid Cavad Xameneinin (Allah ona rəhmət etsin) elmi və mənəvi məqamının anım mərasimi ərəfəsində mərhum Ayətullah Hacı Seyid Cavad Xameneinin haqqını ödəmək və şəxsiyyətinin ehtiramı məqsədilə bu müsahibəni verməyə razı olmuşdur. Bu müsahibə (yəni 2021-ci ilin ortalarında) bir neçə saat davam etmişdir və söhbət zamanı mərhum Ayətullah Seyid Cavad Xamenei haqqında danışarkən müxtəlif mövzular, o cümlədən şəxsi xatirələr və şəhid İnqilab Rəhbərinin bəzi seçkin və bənzərsiz xüsusiyyətləri də müzakirəyə çıxarılmışdır. Lakin o, suallara cavab verərkən daim xatırladırdı ki, bu söhbətin əsas mövzusu həmin İlahi və təqvalı alimdir və söhbəti yenidən əsas mövzuya yönəldirdi. Buna görə də o, ümumiyyətlə şəhid İnqilab Rəhbərinin şəxsiyyətinin müxtəlif cəhətlərini izah etmək mövqeyində deyildi. Bununla belə, bu müsahibədə qeyd olunmuş bəzi fikirlər olduqca cazibədar və diqqətəlayiqdir. Bu səbəbdən, əsasən şəhid İnqilab Rəhbəri ilə bağlı olan hissələri KHAMENEI.IR saytının oxucuları üçün seçmişik. Bu müsahibənin tam mətni “Səhifeyi-Parsayi” adlı xüsusi buraxılışda — Ayətullah Seyid Cavad Xameneinin anımına həsr olunmuş nəşrdə — İnqilab İslami nəşriyyatı tərəfindən dərc olunacaq, inşallah. 

Sizin əmilərinizin və qardaşlarınızın şifahi xatirələrində mərhum Ayətullah Seyid Cavadın “Həzrət Ağa”ya (şəhid Rəhbərə) xüsusi məhəbbəti və yaxınlığı qeyd olunur, sizin də bu barədə yadınıza düşən bir məqam varmı?

“Həzrət Ağa”nın atası ilə çox emosional və yaxın bir münasibəti var idi. Əlbəttə, adətən, atalarla övladlar arasında belə yaxın emosional əlaqə olur, amma qeyd etdiyiniz kimi, görünür ki, mərhum babamızın atamla münasibəti təkcə sırf emosional bir bağ deyildi, sanki bundan daha artıq bir şey idi. Bunun əsas səbəbi, yəqin ki, atamın gördüyü işlərə qayıdır və adi dillə desək, mərhum babamızın gözündə seçilirdi. Məsələn, görünür ki, o, çox kiçik yaşlarında iki şagird tapır və bu şagirdlər artıq yetkin insanlar olur və gəlib onun yanında dərs alırdılar. Deyəsən, həmin şəxslərdən biri onu bir qadınlar üçün təşkil olunmuş rövzə məclisində dini məsələ izah etməyə dəvət edir. O zamanlar məclislərdə “şəri məsələ deyən” şəxs olurdu və sual-cavab formasında olan kitablardan istifadə edərək dini hökmləri izah edirdi. Hələ bugünkü formada “Tövzihül-məsail” risalələri yayılmamışdı. Bu tip risalələrin, görünür, Ayətullah Bürucerdi dövründən yayılmağa başlanmışdır. Mən özüm də ana tərəfdən babamızın kitablarından iki sual-cavab kitabına sahib idim. Hər halda, o, tacir və bazar adamı idi və bu kitablardan vardı, biri mərhum Ayətullah Seyid Əbülhəsənə, digəri isə Ayətullah Şeyx Əbdülkərim Hairiyə aid idi. Görünür ki, atam həmin sual-cavab kitablarından birini mərhum atasından alır, atası da onu yönləndirir və o, bu işi də uğurla yerinə yetirir. O zaman atamın təxminən on iki- on üç yaşı var idi. Təbii ki, bu kimi hallar da mərhum babamızın yaddaşında təsir buraxmışdır. 
Digər bir məqam isə “Ağa”nın həmin gənc yaşda malik olduğu bariz elmi səviyyə idi. Təbii olaraq, atamın elmi istedadının bu şəkildə üzə çıxması mərhum babamızın düşüncəsinə təsir etmişdir. Görünür ki, mərhumun atama “Şərh-i Lümə” dərsi deyərkən onun dərsdəki hazır cavablığını görüb demişdir ki, “Əli Ağa müctəhiddir”. Əlbəttə, belə bir ifadə o yaşda işlədildikdə, bunun adi mənada ictihadın təsdiqi anlamına gəlmədiyi aydındır, çünki “Ağa” sonradan uzun illər zəhmət çəkmiş, bir çox böyük alimlərin dərslərində iştirak etmişdir. Bu ifadə əslində mərhum babamızın atamın elmi vəziyyətinə verdiyi bir növ tərif və qiymətləndirmə idi və demək istəyirdi ki, əgər o, bu istiqaməti davam etdirsə, qısa müddətdə adi mənada olan ictihada çatacaqdır. 

Bundan əlavə, o, atasına qarşı açıq-aşkar itaət göstərir və digər məsələlərdə də, məsələn, mərhum atasının ziyarətə getməsində onu müşayiət edirdi. Görünür ki, bəzən mərhum babam ziyarətə gedəndə, atam da yeniyetmə çağlarında onu müşayiət edirdi. Yol boyu bəzi insanlar mərhum babamla salamlaşıb hal-əhval tuturdular, amma o, nafilə namazı və ya zikrlə məşğul olduğu üçün atam onların salamına cavab verirdi; mərhum babam nafilə və müstəhəb əməllərə çox bağlı idi. Atam nəql edir ki, “Camieyi-Kəbirə ziyarətnaməsi”ni mərhum babam ilə birlikdə etdikləri ziyarətlərdə o qədər oxumuşdu ki, özü də əzbərləmişdi. 

Hər halda atam üçün digər övladlara nisbətən atasına xidmət etmək üçün yaxşı bir fürsət yaranmışdı. Məsələn, o, hər gün atasının evinə getməyə xüsusi diqqət yetirirdi, mərhum babamla birlikdə oturur, ona kitab oxuyur, müzakirə və söhbətlər edirdi. Ümumilikdə, bu tələbəlik mühiti səbəbilə onların arasında daha çox anlaşma var idi və bu da o deməkdir ki, sadəcə emosional bağdan əlavə, belə təbii bir zəmin də mövcud idi. 

Ağa özü prezidentlik dövründən bir xatirəni bizə danışırdı. Onun adəti belə idi ki, hər bir neçə gündən bir valideynlərinə zəng edir, hal-əhval tuturdu. Günlərin birində o, bir neçə dəqiqə onlarla danışdıqdan sonra sağollaşır. Mərhum badam da sağollaşır. Sonra isə belə düşünərək ki, artıq telefon bağlanıb, çox sakit şəkildə sanki öz-özünə danışırmış kimi — o şirin azəri ləhcəsi ilə deyir: “Qurbanın olum, Əli”. O, elə bilirdi ki, artıq telefon bağlanıb, amma Ağa hələ də dəstəyi saxlayırdı və bu cümləni eşitmişdi. 

Ümumilikdə, bu hallar ata-oğul münasibətindən əlavə təsirlər yaradırdı. Bütün bu amillər onların emosional münasibətinə təsir göstərmişdir. 

Əlbəttə, ən mühüm məsələ mərhum babamın məşhur görmə qabiliyyətini itirməsi hadisəsidir ki, Ağa atasına görə Qumda təhsilini yarımçıq qoyub Məşhədə qayıdır. Bu da şübhəsiz ki, Ağa ilə atası arasındakı emosional münasibətə böyük təsir göstərmişdir. 60-cı illərin əvvəllərində babamızın gözləri katarakta və qlaukoma kimi təhlükəli xəstəliklərə tutulur və onun yanında bir nəfərin olub ona kömək etməsi və qayğı göstərməsi lazım idi. O vaxt əmimiz Məhəmməd yeni evlənmiş və artıq öz həyatı ilə məşğul idi. Bibimiz isə əmimiz Hadidən böyük olsa da, həmin vaxt yeniyetmə idi. Kiçik oğlanlar, o cümlədən Hadi əmi də yaşca balaca idilər. Buna görə də bu işi görə biləcək ilk şəxs təbii olaraq Ağa idi. Lakin o zaman Ağa Qumda idi və elmi-hövzə baxımından çox yaxşı vəziyyətdə idi, dərslərini ciddi şəkildə oxuyurdu. O, Qumda müxtəlif dərslərdə, o cümlədən Bürucerdi Ağanın dərslərində iştirak edirdi. Hətta deyilir ki, onun Bürucerdi Ağanın dərsində yazdığı qeyd və haşiyələr seçilmiş yazılar sırasında olmuş və təqdir olunmuşdur. O, həmçinin mərhum İmamın və mərhum Damadın dərslərinə də gedirdi və bu dərslərə böyük maraq göstərirdi. İmamın dərsi çox izdihamlı olurdu və Ağa bu dərsə xüsusi maraq göstərirdi. Damadın dərsi o qədər izdihamlı olmasa da, dərin bir dərs idi. Mərhum Ayətullah Mürtəza Hairinin dərsi isə çox azsaylı olurdu və görünür ki, bir müddət yalnız Ağaya aid olmuş, yəni bir nəfərlik dərs idi. Mərhum Hairi də Ağaya xüsusi maraq göstərirdi. Hacı Şeyx Mürtəza atama olan sevgisinə görə öz qeydlərini ona verirdi ki, istifadə etsin. Ağa Məşhədə qayıtmaq qərarı verdikdə, bəzi müəllimləri, o cümlədən mərhum Hacı Ağa Mürtəza onun getməsindən razı deyildilər. Hətta Qumun bəzi alimləri onu tərifləyərək deyirdilər ki, o ya ümumi rəhbər olacaq, ya da Xorasanın rəhbəri — burada rəhbərdən məqsəd mərcəiyyət idi. Bu məsələlər Ağanın Qumdakı elmi inkişaf və yüksəliş səviyyəsini göstərir. Buna görə də o, hansı qərarı verməli olduğu barədə tərəddüd içində idi. Digər tərəfdən isə atasının vəziyyəti var idi və o, atasına qarşı məsuliyyət hiss edirdi. Elə həmin günlərdə bir gün Ağa Tehrana gəlir və dostu olan Şeyx Məhəmmədtəqi Amolinin oğlu mərhum Ağa Ziya Amolinin evinə gedir. Ağa deyir ki, mən nə qədər düşünürəmsə, görürəm ki, mənim dünya və axirətim Qumdadır, amma digər tərəfdən atamın vəziyyəti də belədir. Mərhum Ağa Ziya deyir ki, əgər Allah istəsə, sənin dünya və axirətini elə Məşhəddə də düzəldər. Ağa deyirdi ki, o bu cümləni deyən kimi mən düşündüm: doğrudan da! Mən bunu özüm bilirdim, amma niyə buna diqqət etməmişdim? Buna görə də elə oradaca çox rahat şəkildə Məşhədə qayıtmaq qərarı verir. 

Maraqlıdır ki, bu qərardan sonra qapılar bir-bir Ağanın üzünə açılır — istər dərs demək baxımından, istər məscid və minbər baxımından və s.


Yəni bu hadisədən sonra idi ki, Ağanın Məşhəd məscidlərindəki təbliğ fəaliyyətləri zirvəyə çatdı?


Bəli, məsələn, mənim xatırladığım vaxtdan etibarən o, iki məsciddə fəaliyyət göstərirdi; biri “Kəramət məscidi” idi ki, müəyyən mənada mərkəzi rol oynayırdı, digəri isə sonradan genişləndirilmiş “İmam Həsən (ə)” məscidi idi. İmam Həsən (ə) məscidi inqilabdan əvvəlki dövrdə mübarizlərin toplaşdığı mühüm mərkəzlərdən biri idi, yəni fəal hövzə tələbə və universitet tələbələrinin mübarizə ocağı sayılırdı. Təkrar-təkrar baş verən və hələ də xatırladığım səhnələrdən biri belə idi: Ağa ayaqüstə çıxış edirdi və çoxlu insan maqnitofonları əllərində qaldıraraq onun səsini yazmaq istəyirdi. Çıxışdan sonra isə insanlar onun ətrafına toplaşır və çox böyük izdiham yaranırdı. 

Yəni Ağanın atasına görə Məşhədə qayıtması, eyni zamanda onun uğurlarına da zəmin yaratdı?


Təbii ki, bu cür xidmətlər cavabsız qalmır və hər halda Ağanın atasına münasibətdə gördüyü iş, hətta mərhum Ağa buna diqqət etməsə belə, halbuki edirdi, “Təkvini” (təbii İlahi quruluş) olaraq onun həyatında öz təsirini göstərməli idi və göstərdi də. Əlbəttə, valideynə xidmətin təsirləri hər kəsdə fərqli ola bilər. Məsələn, əmimiz Həsən hamı Tehrana getməli olduğu halda Məşhəddə mərhum babamızın və xanımın yanında qaldı. O özü deyirdi ki, valideynə xidmətin təsiri olaraq mənim həyatım çox rahat və sakit keçir. 

İnqilabın Ali Rəhbərinin mərhum Ayətullah Seyid Cavad Xamenei ilə elmi əlaqəsi necə idi? Zəhmət olmasa, onların elmi münasibətlərindən də bir qədər danışın.


Görünür ki, əvvəlcə mərhum babam əmimiz Seyid Məhəmməd Ağa üçün bir dərs deyirdi, atama isə daha aşağı səviyyəli bir dərs verirdi. Bir müddətdən sonra isə bu iki dərs birləşir və onlar birlikdə mərhum babamın yanında “Şərh-i Lümə” oxuyurlar. 

Atam deyirdi ki, bir dövrdə mən Ayətullah Milaninin dərsindən qayıdanda, mərhum atam da hərəmdə qıldığı namazdan qayıdırdı və biz yolda qarşılaşırdıq. Mərhum atam məndən soruşurdu ki, Ayətullah Milani bu gün dərsdə nə dedi? Mən də dərsi izah etməyə başlayırdım və o da əlavə və izah məqsədilə bəzi məqamları qeyd edirdi. Əlbəttə, mərhum babam bunu məqsədli şəkildə edirdi ki, atam həmin mühüm dərsdən dərhal sonra daha təcrübəli bir şəxslə mübahisə tipli müzakirə aparsın və bəzi məqamları möhkəmləndirsin. Bu proses çox təsirli olur, mövzunu insanın yaddaşına həkk edir və davamlı olsa, çox mühüm və geniş təsirlər buraxır. Görünür ki, bu proqram da bir müddət davam etmişdir. 

Ağa bəzən həmin yaşlarında atasının elmi mübahisələrində istər Kompani mübahisələri, istər digər mövzular da iştirak edir və öz fikrini bildirirdi; bu iştiraklarla bağlı da xatirələr var. Məsələn, bir dəfə o, atası ilə birlikdə Ağa Seyid Haşimin evinə getmişdi. Orada mərhum Seyid Haşim bir elmi mövzu ortaya qoyur və atam onunla müzakirəyə başlayır. Oradan çıxanda mərhum babam atama deyir ki, niyə belə etdin və onunla mübahisə apardın? Əlbəttə, mərhum babam atamın sözünün məzmununa irad tutmurdu, daha çox onun mərhum Seyid Haşimlə ünsiyyət tərzinə irad bildirirdi. 

Bir dəfə mən atamdan soruşdum ki, Seyid Haşim Ayətullah Naininin şagirdi olub, mərhum babam da onun şagirdi idi; siz elmi baxımdan bu ikisini müqayisə etmisinizmi? Atam dedi ki, bəziləri hesab edirdi ki, mərhum atam Seyid Haşimdən xeyli fərqlənir və elmi baxımdan daha üstün sayılır. Əlbəttə, yaş baxımından Seyid Haşim on il böyük idi və mərhum Ayətullah Həkimlə həmyaşıd idi. Mərhum Vaizzadənin dediyinə görə, bir dövrdə Nəcəfdə Ayətullah Həkimlə birlikdə mübahisə yoldaşı olub. 

Bir dəfə də Ağa atası haqqında deyirdi ki, mərhum atam ömrünün sonuna qədər mütaliəyə, xüsusilə fiqh elminə çox maraq göstərirdi və onun gözəl əxlaqi xüsusiyyətlərindən biri bu idi ki, məsələn, bizə “Kifayə” dərsi deyərkən bəzən deyirdi ki, burada səhv etdim. İnsanlar adətən belə etmir, məsələn, minbərdə səhv etdikdə, bunu hiss etdirmədən düzəltməyə çalışırlar. Amma dərs zamanı səhvini etiraf etmək çətindir; belə edən insan tez etibarını itirə bilər deyə, adətən, bunu etmirlər, hətta bəzən səhvlərinə məntiqi əsas da düzəldirlər. 

Vermək istədiyim sual daha çox təhlil xarakterlidir, xatirə deyil. Dediklərinizə əsasən, sizcə Ağa hansı xüsusiyyətlərdə atasından təsirlənib?
Bu suala cavab vermək bir qədər çətindir. Ehtimal ki, onun nafilələrə bağlılığı və bu kimi xüsusiyyətlər atasından qaynaqlanır. 

Sualımı daha dəqiq ifadə etsəm, oxşarlıq nəzərdə tuturam, sizcə bu iki böyük şəxs arasında hansı oxşarlıqlar var?


Onlardan biri, bəlkə də, “Ağa”nın zahidliyidir. Burada qeyd etmək lazımdır ki, mərhum Ayətullah Seyid Cavad zahid idi və hətta yoxsul həyat sürürdü. Amma bu, onun məcburiyyətdən zahid olması demək deyildi. Ağanın zahidliyi də tamamilə şüurlu seçimdir. O, adətən, verilən maaş kimi maliyyə gəliri qəbul etmir, yəni ümumiyyətlə maaş almır. Məsələn, bir dəfə mən ehtiyat üçün öz tərəfimdən müəyyən məbləği ofisə vermək istəyirdim, ofisdəki qardaşlardan biri dedi ki, Rəhbər yaxınlarda şəxsi xərcləri üçün müəyyən məbləğ ödəyib, yəni bunu beytülmaldan götürüb beytülmala qaytarmır. Bu, insanların onun şəxsinə etdikləri nəzir və ianələrdən olur. 
Nəzir və ianələrdən əlavə, insanların sevgi və məhəbbətlə şəxsən Ağa üçün gətirdikləri hədiyyələr də eyni qaydada olur. Məsələn, təxminən otuz il əvvəl Yəməndən olan qardaşlar onun üçün böyük bir qalay qabda yəmən əqiq daşları gətirmişdilər. Bununla yanaşı, xüsusi daşların yerləşdirildiyi bir neçə qutu da gətirmişdilər ki, əqiq mütəxəssisləri onların çox yüksək qiymətli olduğunu deyirdilər. “Ağa” isə onların hamısını başqalarına bağışladı. Yaxud bir nəfər ona çox incə və bahalı bir əba gətirmişdi, Ağa onu satdırdı və əldə olunan pulla bir neçə əba alıb müxtəlif şəxslərə hədiyyə etdi. Maddi məsələlər Ağa üçün ümumiyyətlə əhəmiyyət daşımayıb və yüksək imkanlara malik olmasına, müxtəlif şəri əsaslarla istifadə edə bilməsinə baxmayaraq, heç vaxt bundan faydalanmayıb. 

Atam, adətən, ona verilən qiymətli hədiyyələri İmam Rzanın hərəminə verir. Ağaya çoxlu sayda əlyazma kitablar hədiyyə olunur ki, o, adətən bunları həmin müqəddəs məkanın ixtiyarına verir. Müasir dövrün böyük xəttat ustalarından biri ona Vüsal Şirazinin şikəstə nəstəliq xətti ilə yazılmış çox gözəl bir “Hafizin Divanı” göndərmişdi. Mən onu birinə göstərmək istəyirdim, amma tapa bilmədim, sonda məlum oldu ki, Ağa onu da digər dəyərli əşyalar kimi İmam Rzanın hərəminə verib və özü ondan istifadə etmir. Ümumiyyətlə, qiymətli və gözəl əşyaları Ağa ora bağışlayır. 

Burada bir xatirə danışım. Uşaqlıqda “Fəqir” sözünü sevmirdim. Axı uşaq idim və fəqiri küçənin kənarında oturub dilənən biri kimi təsəvvür edirdim. O vaxt hələ inqilab baş verməmişdi, mən isə ibtidai məktəbin ikinci sinfində oxuyurdum və Məşhəddə yaşayırdıq, elə indi də olan həmin evdə. Yadımdadır, evin bir küncündə bir qədər ərzaq bağlamaları və bitki yağı vardı. Biz — üç uşaq və valideynlər — oturub söhbət edirdik ki, Ağa söz arasında dedi: “Mən fəqir olduğum üçün fəxr edirəm!” Bu cümlə mənə o qədər təsir etdi ki, birdən-birə yoxsulluq barədə təsəvvürüm dəyişdi və bu günə qədər də belə qalıb. Bu, onun hələ həyatının əvvəlindən dünyaya bağlı olmamasının və zahidliyinin bir növ göstəricisidir. 

Ağa inqilabın ilk illərində bir müsahibəsində deyir ki, mən yoxsulluq nümayişi etmək istəmədiyim üçün öz həyatımın xatirələrini danışmıram və mövzudan keçir. Əgər münasib bilirsinizsə, bu barədə bir qədər izah verərdiniz.


O, ümumiyyətlə həyatının dəbdəbəli olmasına icazə vermir. Məsələn, onun evindəki məişət əşyaları çox sadədir. Tutaq ki, onun evindəki qaz plitəsi hələ də köhnə tipli, stolüstü üçgözlü plitədən istifadə edir ki, mən bir neçə dəfə anamdan xahiş etmişəm ki, bunu dəyişsin. Amma anam da bu baxımdan, həqiqətən, Ağadan geri qalmır. Hələ də həmin köhnə üçgözlü plitədən istifadə edirlər! Anam bizim çoxsaylı təkidlərimizə baxmayaraq, razılaşmadı və dedi ki, bunu dəyişmək olmaz. 

Bir neçə il əvvələ qədər Ağanın evindəki televizor da köhnə modellərdən idi. O vaxt təxminən əlli min tümən dəyərində bir cihaz alınmışdı və mən onu televizora qoşmaq istədim. Ağa namaz qılırdı. Gördüm ki, televizor o qədər köhnədir ki, ümumiyyətlə həmin cihazın qoşulması üçün giriş yeri yoxdur. Bizim öz televizorumuz da köhnə idi, amma belə bir giriş yeri vardı, biz isə düşünməmişdik ki, onların televizoru bu qədər köhnədir. Bundan sonra o televizor demək olar ki, istifadədən çıxdı və bir neçə ildən sonra indiki adi televizorlardan biri Ağanın evinə gətirildi. 

Başqa bir nümunə: Ağa 2002-ci ildən bel ağrısı səbəbilə həkim məsləhəti ilə stulda oturmağa məcburdur. Hətta iki namaz arasında da stulda oturur və demək olar ki, yerdə oturmur. Anamın da bel ağrısı problemi var. Amma onların evində olan stul və masa plastikdir, sanki dükanlarda əlavə xərc etməmək üçün taxta və ya dəmirdən istifadə etməyib onun yerinə sadə plastik stullar istifadə edirlər. Bu stullardan bir neçəsini alıb evin arxa otağında üst-üstə yığıblar və qonaqlar gələndə lazım olduqda otaqda divarın kənarından düzürlər. 

Belə köhnə əşyalardan biri də Ağanın çarpayısıdır. O, hazırda da 1982-ci ildən, yəni sui-qəsd nəticəsində yaralandığı vaxtdan istifadə etdiyi çarpayıda yatır və artıq qırx ildir ki, ondan istifadə edir. Əgər kimsə kağız-qələm götürsə, yəqin ki, bu cür köhnə əşyalardan on beşdən çoxunu siyahıya ala bilər. Anam da bu məsələdə çox təsirli olub və bütün bu illər ərzində Ağa ilə eyni yolu davam etdirib. 

Bu zahidlik xüsusiyyətindən başqa Ağa ilə ata və anası arasında başqa hansı oxşarlıqlar var?


Atam siyasi anlayışı, zəngin təcrübəsi və detallara diqqətinə baxmayaraq, xüsusi bir səmimiyyətə malikdir. Bu gün inqilabdan 42 il keçir və bundan əvvəl də təxminən 15 il mübarizə dövrü olub. Buna görə də onun müxtəlif təcrübələri və düzgün qərarvermə qabiliyyəti var. Amma bütün bunlarla yanaşı, onda xüsusi bir saflıq var. Saflıq, yəni səmimiyyət və doğruluq. Bu xüsusiyyət yəqin ki, həmin iki böyük şəxsə, yəni ata və anaya — qayıdır, çünki onlar da bu cür saf və səmimi idilər. Bu doğruluğun təzahürlərindən biri də açıq və birbaşa danışıq tərzidir. 

Mən bu açıq və qəti davranışı həmin xanımda (nənəmdə) görmüşəm, məsələn, əgər kimsə qeybət edirdisə, açıq şəkildə ona deyirdi ki, qeybət etməyin və ya söhbəti kəsirdi. Yadımdadır, mən uşaq idim, onunla, anamla və bir neçə nəfərlə birlikdə Əhmədabad küçəsinin əvvəlində bir rövzə məclisinə gedirdik. Orada ev sahibinin bəzi övladları və ya digər qonaqlar hicabsız idi. Xanım elə oradaca o uşaqlarla bir-bir, yumşaq tonda, “Qızım” deyərək söhbətə başladı və məsələni izlədı, nəticədə elə oradaca başlarına çadra örtdülər. Halbuki mərhum xanım nə hansısa gücə bağlı bir şəxs idi, nə də belə bir dayağı var idi. 
Başqa bir nümunədə isə, xanım Tehrana gəlmişdi və bəzi tanınmış şəxslərin xanımları xəbər tutanda, anam vasitəsilə onu qadın məclisinə dəvət edirdilər. Bu məclislərdən birində – mühüm şəxslərdən birinin evində – axşamüstü süfrəsi üçün bir neçə növ yemək hazırlanmışdı. Amma bu, bizim mədəniyyətimizə və xüsusilə mərhum xanımın baxışına görə israf idi. Məclisdən sonra şəxsi şəkildə onlara xəbərdarlıq etdi ki, çox israf etmisiniz, niyə israf edirsiniz. Xanım əmr-be-məruf və nəhy-əz-münkər mövzusunda çox açıq idi və bu açıq danışıq atamda da var idi. Məsələn, ğa İranşəhrdə sürgündə olanda bir dəfə onu görməyə getmişdik. Mən üçüncü sinifdə oxuyurdum. Ramazan ayı idi və hava isti idi. Kitab oxumaq istəyirdim, amma kitabım yox idi. Ağa o vaxt şəhərin üç kitabxanasının açarını saxlayırdı. Birlikdə getdik ki, kitab seçək. Yolda bir gəncin açıq-aşkar sendviç yediyini gördük. Ağa elə oradaca ona xəbərdarlıq etdi. Təsəvvür edin ki, Ağa o şəhərdə sürgündə idi, amma yenə də nəhy-əz-münkərdən əl çəkmirdi.


Ağanın kitaba və mütaliəyə böyük marağı necə formalaşmışdı? Bu, sizcə irsi xüsusiyyətdirmi?


Həm atası, həm də anası mütaliə əhli idi. Atası məlumdur, anası da mütaliə edirdi. Hətta elə bilirəm, xanımın özündən eşitmişdim ki, mən ağadan (yəni babamızdan) daha çox hədis bilirəm. Məqsədi müxtəlif sahələrə olan əhatəsindən gedir. Məsələn, mərhum ağa fiqh bilirdi, o isə hədis. Amma buna baxmayaraq, məncə ağanın kitaba və mütaliəyə bu səviyyədə marağı daha çox onun şəxsi xüsusiyyətidir. 
Maraqlıdır ki, biləsiniz, Ağa 12–13 yaşlarında olanda köhnə və istifadə olunmuş kitablar satılan dükanlara gedər, orada faydalı kitabları seçərdi. Sonra özü onları cildləyər və oxuyardı. Məndə indi “Nisab əs-sibyan” adlı bir kitab var ki, o dövrlərə aiddir və ağa özü onu cildləyib. Bu kitab ilk dərs kitablarından sayılır və mən onu ağanın özünün cildlədiyi kitablar arasında saxlayıram. Bir dəfə otağı yığışdırmağa kömək edən ofis işçilərindən birinə bunu izah edirdim ki, Ağa kitab almağa pul tapmadığı üçün ucuz kitabları toplayıb cildləyirdi. Bunu danışanda o adam çox təsirlənmişdi. 
Buna görə düşünürəm ki, onun mütaliə vərdişi bu çərçivədən də artıqdır. Məsələn, yatmazdan əvvəl oxumaq Ağanın daimi adətidir, yalnız qeyri-adi vəziyyətlərdə istisna olur, əks halda, həmişə kitab oxuyaraq yatır. Onun oxuduğu kitabların mövzuları da çox geniş və maraqlıdır. Hətta gənclik illərində belə onu görənlər üçün bu xüsusiyyət diqqət çəkici idi və bu barədə yalnız dini mühitdən deyil, ədəbiyyat, şeir və hətta intellektual sahələrdən olan şəxslər də fikir bildiriblər.


Mərhum babanızı son dəfə nə vaxt gördünüz və onun vəfatını necə öyrəndiniz?


Ailədə mən onu vəfatdan əvvəl görən sonuncu adamam. Mərhum xanımı da sonuncu mən görmüşəm. Təxminən iki həftə əvvəl, yəni 1986-cı ilin iyun ayının axırlarında cəbhədə qəribə bir xəstəliyə tutulmuşdum. Məni görən hər kəs üzümün saralmasından ağır xəstə olduğumu anlayırdı. Özüm də insanların reaksiyasından vəziyyətimin pis olduğunu hiss edirdim. Mən çox məzuniyyət götürən biri deyildim, amma komandir dedi ki, mütləq, Tehrana qayıtmalısan. Ramazan ayı idi və onun tövsiyəsi ilə məzuniyyətə gəldim. 
Əvvəl Tehrana gəldim, sonra bir neçə gün sonra dostlarla Məşhədə getdik. Əvvəl ana tərəfdən nənəmin evinə, sonra ata tərəfdən baba və nənəmin evinə getdim. Mərhum ağa və xanım xəstəlik və yaşlılıq səbəbindən oruc tuta bilmirdilər, ona görə nahar hazırlamışdılar. Mən də səfərdə idim və oruc tutmurdum. Xanım dedi ki, nahara qal, bu gün ağaya düyü və ət bişirmişəm. Qaldım və üç nəfərlik süfrə açdılar. Yadımdadır ki, mərhum ağa dəfələrlə mənim qabağıma ət qoyur və “Ye” deyirdi. Yeməkdən sonra xanım ağaya dedi ki, Müctəba cəbhə bölgəsinə getmək istəyir. Mərhum ağayla sağollaşdım və o istirahət etməyə getdi, xanım da, adətən, günortalar yatırdı və mən də gedib mütaliə üçün bir kitab götürdüm. İstirahətdən sonra sağollaşdım və dostlarla vədələşdiyim yerə yollandım.

Tehrana qayıtdıqdan sonra bir neçə gün orada qaldım və məzuniyyət bitəndə yenidən cəbhəyə döndüm. Çox keçmədən "Kərbəla-1" əməliyyatı başladı. Əməliyyatın ikinci mərhələsindən sonra, gecə vaxtı ön xətdən arxa cəbhəyə qayıdarkən birdən-birə xanım və ağanı xatırladım. Bu qədər fikrin içində qəfil ağlıma gəldi ki, əgər münafiqlər onların mühafizəsiz olduqları halda evinə hücum etsələr və ya onlara zərər yetirsələr və onları girov götürsələr, biz nə edərik? Əslində, bu düşüncələrim yəqin ki, elə həmin saatlara təsadüf edirdi ki, mərhum ağa vəfat etmişdi. 
Bu fikirlərlə düşərgəyə çatdıq. Çox yorğun olduğum üçün dərhal yatdım. Orada “Gavi” adlanan bir çay var idi – enli, amma dayaz axarlı. Səhər tezdən gedib suya girdim ki, başıma və bədənimə yapışmış palçığı təmizləyim. Digər döyüşçülər də tədricən oyanırdılar, bəziləri mənim kimi suya girirdi, bəziləri isə səhər yeməyi ilə məşğul olurdu. Bu zaman bir nəfər gəlib heç bir müqəddimə olmadan soruşdu: “Məhəmmədcavad Hüseyni Xamenei sənin nəyindir?” Biz ümumiyyətlə ağanı bu adla tanımırdıq. Mən bir anlıq çaşdım. Sonra dedi: “Ayətullah Seyid Məhəmmədcavad Hüseyni Xamenei kimdir?” Dedim: babamdır. Birdən dedi: “Vəfat edib!” Mən hələ də suyun içində idim. Bu sözü deyən kimi sanki bütün gücüm kəsildi. O uşaq 17 yaşdan çox olmazdı, bilmirəm zarafat etmək istəmişdi, ya elə düşünmüşdü ki, bu cür demək daha yaxşıdır. Sonra hörmətlə başsağlığı verdi və dostlar da bir-bir gəlib təsəlli verdilər. Deyəsən, onlar radionu açmışdılar və səhər xəbərlərində prezidentin atasının vəfatı elan olunmuşdu. Hətta İmamın başsağlığı mesajı da oxunmuşdu. 
Əməliyyat bitmişdi və xüsusi iş yox idi. Tabor komandirinin müavininin icazəsi ilə günortadan sonra ayrılıb Əndimeşk şəhərinə getdim və oradan qatarla Tehrana döndüm. Gəldiyim gün artıq dəfnin ertəsi idi və atam Məşhəddən qayıtmışdı. Orada bir neçə tanış və ailə üzvü də var idi. Prezident sarayına daxil oldum. Ağa eyvanda idi. Bir-birimizi qucaqladıq. Onun çox kədərli olduğu açıq-aşkar görünürdü. 
Bu hadisə ilə bağlı maraqlı bir xatirə də var: atam o günlərdə yuxuda görmüşdü ki, mərhum ağa hərbi çanta ilə harasa gedir. O vaxt mən cəbhədə olduğum üçün elə zənn etmişdi ki, bəlkə də bu yuxu mənim şəhid olmağıma işarədir. Təsadüfən, əməliyyatın ilk mərhələsində qarışıqlıq zamanı mənim adım itkinlər siyahısına düşmüşdü. Mərhum Haşimi Ağaya deyir ki, siz Müctəbanı cəbhəyə göndərmisiniz? Ağa deyir ki, bəli. O dedi ki, niyə uşağı cəbhəyə göndərmisiniz? Ağa dedi ki, nəsə olub? O da ehtimal ki, Ağanı xəbər verməyə hazırlayırdı və dedi ki, xeyr, amma indi bəzi söz-söhbətlər gəzir. Dövlət toplantısında demişdilər ki, ehtimal olunur cənab Xameneinin oğlu şəhid olub. Buna görə də mənə görə belə bir təsəvvür formalaşmışdı. Buna görə də mən Tehrana gələndə əvvəlcə mənə bir cür baxırdılar. Sonradan ağa bu yuxunu mənə danışanda düşündüm ki, əslində yuxu mərhum ağanın özü ilə bağlı imiş, həqiqətdə onun özü getməyə hazırlaşırmış. 
Sonra həmin günün axşamı Məşhədə getdim. Ana tərəfdən nənəm məni qarşılamağa gəlmişdi. Oradan məni birbaşa yas məclisinə apardılar. O məclisdən sonra mərhum ağanın evinə gəldik və orada cənab Daneşmənd, Ləvai və digərləri var idilər. Məscidlərdə keçirilən mərasimlərdə, o cümlədən azərilərin məscidində və mərhum ağanın özünün məscidi olan İmam Həsən (ə) məscidində də iştirak etdik. 

Mərhum ağanın məzarı İmam Rzanın (ə) qəbrinin arxa hissəsində yerləşir. O zamanlar bəzi alimlər üçün nəzərdə tutulmuş məhdud sayda boş yerlər var idi. Onun özü heç vaxt və mütləq şəkildə dəfn məkanı barədə heç bir fikri, proqramı və təklifi yox idi. Orada dəfn olunması xüsusi bir inayət kimi qiymətləndirilir ki, ona nəsib oldu. Çünki babamın qəbri İmam Rzanın (ə) qəbrinin arxasında və qadınların ziyarətinə məxsus yerdə dəfn olunub deyə atam ancaq pak hərəmin tozunu təmizləmək mərasimlərində babamın qəbri üsründə hazır olar və orada Fatihə oxuyardı. Xanım (nənəm) da dünyasını dəyişəndən sonra qadınların ziyarətinə məxsus yerdə və biraz uzaqda "Daruz-ziyarə" deyilən yerdə dəfn olundu. 
Mərhum ağanı yuxuda tez-tez görürdüm. Bir dəfə yuxuda gördüm ki, camaat namazı qıldırmaq üçün gəlib və qərardı ki, pişnamaz dayansın. Azan verdi, amma iqamədən əvvəl bir xurma qabı var idi və bir neçə xurma götürüb yedi. Bu yuxunu atama danışanda dedi: “Əl-həmdulillah, deməli onun namazları qəbul olub.” 


Axırıncı sual olaraq, o mərhumun vəfatından sonra Ağa onlar üçün xas bir əməl yerinə yetirirdi? 

Ağa həm onların sağlığında, həm də vəfatlarından sonra onlar üçün namaz qılırdı. Mən yeniyetmə olanda (şəmsi) ilin əvvəlki fəslində (Novruz bayramı ərəfəsində) görürdüm ki, sübh azanı tez olur və Ağa gecə namazlarına xüsusi diqqət yetirir və sübh namazından sonra iki rükət əlavə namaz qılırdı. Bu fəsllərdə tez olurdu deyə Ağanın sübh namazlarını gəlib görə bilmirdik. Amma soyuq fəsillərdə Tehranda saat altıdan biraz əvvələ olurdu və Ağanın namazını görürdük. O zamanlar Ağa sübh namazından sonra iki rükət namaz qılırdı. Soruşanda dedi ki, bu mənim hər gün ağa və xanıma hədiyyəmdir. Bu namazı onların hər ikisi sağ ikən qılırdı. Ehtimal edirəm ki, indi də bu əməli davam etdirir, sadəcə vaxtını dəyişib və sübh namazından öncə qılır. Bu günlərdə tövfiq oldu sübh namazından sonra Ağanın hüzurunda idim, amma o namazı qıldığını görmədim və ehtimal verirəm ki, onun yerini gecəyə dəyişib. 
Hətta deyə bilərəm ki, onların vəfatından sonra bu cür əməllər daha da çox olmuşdur. Çünki ağa yalnız yaxınlarına deyil, daha uzaq insanlar barədə də bəzi işlər görür; həm vəfat etmişlər üçün, həm də, hətta sağ olanlar üçün. Ağa bəzi vaxtlar elə şəxslər üçün bağışlanma diləyir ki, hətta onunla o qədər də münasibəti yoxdur. 


20/03/2026